Bakı Dövlət Layihə İnstitutunda formalaşmış peşəkar kollektiv, sənət sevgisi, yüksək yaradıcılıq mühiti, ənənələrə sadiqlik, ardıcıllıq, gəncliklə təcrübənin uğurlu vəhdəti sabaha ümüdləri artırır.
22 dekabr 2017-ci il. Saat 17.00-da paytaxtın ən gözəl məkanında yerləşən “Holiday Inn Baku” Hotelində çox maraqlı bir tədbirin – Bakı Dövlət Layihə İnstitutunun 80 illik yubileyinin iştirakçısı oldum. Tədbirin maraqlı tərəfi və özəlliyi onda idi ki, ilk dəfə idi yubiley tədbirinin bu formatda keçirildiyinə şahidlik edirdim və ən əsası tədbirin qonaqları Azərbaycanın tikinti memarlıq sənətinin bütün ağırlığını çiyinlərində daşıyan tanınmış memarlar, tikinti rəhbərləri və yaradıcı insanlar idi. Zalda cəm olmuş qonaqların xoş aurası yaradıcı və zövqlə hazırlanmış məclisi daha da maraqlı edirdi.
Yubiley tədbirini giriş sözü ilə açıb qonaqlarına “xoş gəldin” – deyən institutun direktoru, respublikanın Əməkdar memarı, “Şöhrət” ordenli tanınmış memar İlqar İsbatov zala xitabən – biz tədbiri ona görə bu formada təşkil etdik ki, Siz yaxşı istirahət edə biləsiniz, gecəmiz daha da yaddaqalan olsun – dedi və ali qonaqları salamladı. Kim idi onlar? Azərbaycan Memarlar İttifaqının sədri, professor Elbay Qasımzadə, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, professor, Əməkdar Memar Gülçöhrə xanım Məmmədova, Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini, Əməkdar Mühəndis Təyyar Hüseynli, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Aparat rəhbəri Ağamirzə Canmirzəyev, Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin strukturuna daxil olan layihə institutlarının direktorları – Əməkdar Mühəndis Yusif Nağıyev, Əməkdar memar Müsədin Namazov, Sahib Qarayev, Elçin Quliyev, Baş Ekspertiza İdarəsinin rəisi Əsgər Həsənov, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin layihə institutlarının direktorları – Abdı Qarayev, Süleyman Cabbarov, tanınmış memar Hafiz Əmirxanov və başqaları.
Adətən belə tədbirləri yaddaqalan edən orda iştirakçı olan qonaqların ziyalılığı, həyatda, cəmiyyətdə tutduqları mövqe və nüfuz, tanınma və sevilmə dərəcələri əsas amil olur. Bu baxımdan da tədbir iştirakçılarının ölkənin layihə memarlıq yönümünün ən aparıcı simaları olması, həmçinin onların “Bakıdövlətlayihə” İnstitutu kimi möhtəşəm bir yaradıcılıq ocağının 80 illik yubileyinə gəlməsi, institutun yaradıcı kollektivinin burda cəm olması tədbirin ruhuna bir sanbal, böyüklük və möhtəşəmlik gətirmişdi. Və… bir də təbii ki, direktor İlqar İsbatovun özünəməxsus təşkilatçılıq işi tədbirə möhür vurmuşdu və bu, xüsusi qeyd olunmalıdır.
Yubiley tədbirinə giriş sözü ilə başlayan direktor İlqar İsbatov fürsətdən istifadə edərək onu “Şöhrət” Ordeni ilə təltif etdiyi üçün Azərbaycan Prezidenti cənab İlham Əliyevə özünün və ailəsinin dərin minnətdarlıq duyğularını çatdırdı, həmçinin onun təqdimatını vermiş Memarlar İttifaqının sədri Elbay Qasımzadəyə də təşəkkürünü bildirdi və Bakı Dövlət Layihə İnstitutunun 80 illik yoluna qısa səfər elədi.
Bildirdi ki, Bakı Dövlət Layihə İnstitutu 1937-ci ildə Bakı şəhəri Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsi nəzdində memarlıq – planlaşdırma kontoru kimi yaradılmışdır. Layihə institutu kimi 1952-ci ildən “Bakproyekt”, 1958-ci ildən isə “Bakqiproqor” adlandırılaraq Bakı şəhərinin planlaşdırılması və mülki-mənzil binalarının layihələndirilməsi ilə məşğul olmuşdur. Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Bakı Dövlət Layihə İnstitutu” adlandırılmışdır. Hal-hazırda institut Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nəzdində fəaliyyət göstərir.
İnstitutun keçdiyi keşməkeşli yola nəzər salan İlqar İsbatov vurğuladı ki, ötən əsrin ikinci yarısında ölkəmizdə memarlıq sənətinin qorunub saxlandığı əsas mərkəz, memarlıq ocağı məhz Bakı Dövlət Layihə İnstitutu oldu. Burada ölkənin gələcək memarlıq həyatında öz sözünü deyən görkəmli memarlar nəsli formalaşdı. N.M.Hacıbəyov, T.Y.Şarinski, V.Şulgin, D.H.Seyidova, A.S.Surkin, B.İ.Ginzburq, F.İ.Rüstəmbəyova kimi simaların ardınca F.A.Quliyev, Ə.Novruzi, H.Y.Əmirxanov, Z.Ə.Məmmədov, O.M.Babayeva, F.Yüzbaşev və başqaları kimi paytaxt Bakı şəhərinin bugünkü simasının formalaşmasında əhəmiyyətli rol oynamış istedadlı memarlar nəsli yetişdi. Məhz onlar memarlıq sənətini yaşatdılar və bugünkü nəsillərə ötürdülər. Onların yaratdıqları və nəsildən-nəsilə ötürdükləri sənətə sevgi, yüksək peşəkarlıq mühiti institutun yerləşdiyi məkanda sanki əbədi bərqərar oldu və hər gələn yeni nəsil də məhz bu mühitə, bu təsirlərə köklənir, yaşayır və yaradır.
İlqar müəllim sözünə davam edərək qeyd etdi ki, bu tarixi 80 illik yubiley günündə institutda fəaliyyət göstərmiş və bir çox mürəkkəb layihələrin həyata keçirilməsində əhəmiyyətli rol oynamış mühəndislərin adları xüsusi qeyd olunmalıdır. R.A.Əliyev, H.S.Şamilov, K.A.Kərimov, A.S.Heybətov, N.İ.İsmayılov, E.M.Məmmədova, D.İ.Şapiro, B.E.Kotlyar, M.M.Kazımov kimi mühəndislər məhz Bakı Dövlət Layihə İnstitutunda peşəkar mütəxəssis kimi formalaşmış və sonrakı mühəndislər nəslinin nümayəndələri olan bu gün də peşəkar layihəçilər kimi fəaliyyət göstərən F.H.Ağayeva, N.Ş.Poluxov, V.H.Həsənov, S.N.Nazarov, F.S.Aslanova, L.Ə.Həmzəyeva və başqaları kimi mütəxəssislərin formalaşmasında əhəmiyyətli rol oynamışlar.
İlqar İsbatov institutun qorunub saxlanılmasında və bugünədək gəlib çıxmasında, tarixinin ən çətin və keşməkeşli dövründə ona rəhbərlik etmiş Abbas Ələsgərovun rolunu xüsusi qeyd elədi və bildirdi ki, ötən əsrin 80-ci illərinin əvvəlləri institut üçün uğurlu olmamış və tənəzzül dövrü yaşanmışdır. Məhz Abbas Ələsgərov instituta direktor təyin olunduqdan sonra əsaslı dəyişikliklər baş vermiş, islahatlar aparılmış, gənclərə dəstək verilmiş və müəssisə yenidən inkişaf etmişdir. Həmçinin ötən əsrin 90-cı illərinin əvvəllərindəki mürəkkəb şəraitdə məhz o, institutu qoruyub saxlaya bilmiş, onun potensialını xilas etmişdir.
İnstitutun tarixində böyük fəxrlə və qürurla qeyd olunmalı işlər çoxdur və bu işlər Bakı şəhərinin böyük bir hissəsini əhatə edir – deyən direktor Heydər Əliyev Sarayının, T.Bəhramov adına Respublika stadionunun, Respublika xəstəxanasının, Dənizkənarı Milli Parkın, onlarla məktəblər, uşaq bağçaları, xəstəxanalar, idman kompleksləri və milyonlarla kvadrat metr yaşayış sahələrinin layihələndirildiyini və inşa edildiyini, 1986-2005-ci illəri əhatə edən Bakı şəhərinin sonuncu Baş planının işlənildiyini və 1987-ci ildə Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə təsdiq edildiyini diqqətə çatdırdı.
İlqar İsbatov daha sonra dedi:
– Bu gün Bakı Dövlət Layihə İnstitutu öz tarixi ənənələrini məntiqi ardıcıllıqla və dövrümüzün reallıqları və çağırışları nəzərə alınmaqla davam etdirir. İnstitutda yeni bacarıqlı, istedadlı, iddialı gənclərin cəlb edilərək irəli çəkilməsi və təcrübəli mütəxəssislərin himayəsi altında yetişdirilməsi öz bəhrələrini verməkdədir. Son dövrlərdə Bakı Dövlət Layihə İnstitutu istər ölkə daxilində, istərsə də ölkəmizin hüdudlarından kənarda bir çox uğurlara imza atmış, institutda “Bakı şəhərinin mərkəzi hissəsinin müfəssəl planlaşdırılması layihəsi”, “Böyük Bakının Regional İnkişaf Planı”, “Bakı şəhərinin Ərazidən istifadə və zonalaşdırma planı (Baş Plan) işlənilmişdir.
Bunlarla yanaşı, bir sıra uğurlu mülki və yaşayış obyektləri də layihələndirilmişdir. Bunlardan – Prezident Administrasiyasının sifarişi əsasında Şəki şəhərində Marxal İstirahət Kompleksinin layihəsi, “Neftçi” MTK-nın sifarişi ilə Dövlət Neft Şirkətinin işçiləri üçün 1000-dən artıq mənzil olmaq şərtilə 5,4 hektarlıq ərazidə inşa olunacaq böyük yaşayış kompleksinin layihəsi, Yasamal rayonunda 2500 şagird yerlik 20 saylı məktəbin yeni tədris korpusunun layihəsi, Xətai rayonunda “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşları üçün 472 mənzildən ibarət 5 yüksəkmərtəbəli yaşayış evləri kompleksinin layihəsi, Yeni Yasamal, C.Quliyev, H.B.Zərdabi, M.İbrahimov küçələrindəki yaşayış evləri, FHN Akademiyasının Hövsan qəsəbəsində Təhsil korpusu, Şərifzadə küçəsində Diaqnostika mərkəzi, metronun texnoloji korpusu və yeni giriş pavilyonu, Qəbələ İcra Hakimiyyətinin inzibati binası, Nizami küçəsində dördmərtəbəli ticarət mərkəzi, Neftçilər və İstiqlaliyyət küçələrində, Gənclik meydanında yerləşən yaşayış binalarının fasadlarının yenidən qurulması, Hollandiyanın Venlo şəhərində Floriada sərgisindəki Azərbaycan pavilyonu, İstiqlaliyyət küçəsində bir sıra yaşayış evlərinin fasadlarının yenidən qurulması, 6 nömrəli məktəbin layihəsinin hazırlanması, H.Zərdabi küçəsində və Nobel prospektində yaşayış komplekslərinin layihələndirilməsi və digər layihələri qeyd etmək olar.
Bakı Dövlət Layihə İnstitutunun xalqımızın yaratdığı digər maddi-mənəvi nümunələr kimi milli sərvətimiz olduğunu deyən İlqar İsbatov təbrik çıxışı üçün ilk sözü Azərbaycan Memarlar İttifaqının sədri Elbay Qasımzadəyə verdi.
Bakı Dövlət Layihə İnstitutunu respublikamızın çox böyük tarixə malik ən qədim memarlıq ocaqlarından biri kimi xarakterizə edən Elbay müəllim institutun mövcud olduğu bütün illərdə burada Azərbaycan memarlıq sənətinin flaqmanları olan korifey memarların çalışdığını və paytaxt Bakı şəhəri üçün bu layihə təşkilatı qədər ikinci böyük iş görən, Bakının memarlıq mühitini zənginləşdirən digər bir qurumun olmadığını xüsusi olaraq vurğuladı. O, Azərbaycan Memarlar İttifaqı ilə Bakı Dövlət Layihə İnstitutu arasında çox gözəl münasibətlərin, işgüzar əməkdaşlığın olduğunu qeyd elədi və bu istiqamətdə direktor İlqar İsbatovun səylərini yüksək dəyərləndirdi.
Natiq qeyd etdi ki, müxtəlif vaxtlarda bu institutda Həsənağa Məcidov, Ənvər İsmayılov, Ənvər Qasımzadə, Vadim Şulqin, Nazim Hacıbəyov, Hafiz Əmirxanov, Faiq Yüzbaşev, Əli bəy Novruzi və digərləri memarlıqla məşğul olmuş və çox maraqlı memarlıq nümunələri yaratmışlar. Bu institut hər zaman yüksək yaradıcı mühiti ilə seçilib, şəhərimizin ən möhtəşəm ictimai binaları bu institutun divarları arasında yaradılmışdır. İnstitutun ən böyük vəzifələrindən biri Bakının şəhərsalma inkişafıdır ki, kollektiv bu vəzifələrin öhdəsindən də məharətlə gələ bilmiş və bu gün də gəlir.
Elbay Qasımzadə sözünə davam edərək dedi ki, Azərbaycan Memarlar İttifaqı yaradıcılıq təşkilatı olduğu üçün memarların yaradıcılığını hər zaman qiymətləndirməyə çalışırıq. Ənənəmizə sadiq qalaraq Bakı Dövlət Layihə İnstitutunun 80 illik yubileyi günündə institutun bir qrup əməkdaşını mükafatlandırmağı özümüzə borc bildik.
Sonra o, institutun əməkdaşı Zülfüqar Məmmədova “Mikayıl Hüseynov” xatirə medalını, Cəlalət Orucovaya və Elçin Umudova “Ustad Memar” fəxri diplomunu, institutun digər 5 əməkdaşına isə Azərbaycan Memarlar İttifaqının fəxri fərmanlarını təqdim elədi, təltif olunan memarlara, eləcə də institutun bütün yaradıcı kollektivinə yeni zəfərlər arzuladı, həmçinin Azərbaycan Memarlar İttifaqının üzvlüyünə qəbul olunmuş institutun 3 gənc memarına ittifaqın üzvlük vəsiqələrini təqdim elədi.
Sonra söz Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, professor Gülçöhrə xanım Məmmədovaya verildi.
O, Bakı Dövlət Layihə İnstitutunun Azərbaycanın memarlıq və inşaat tarixində xüsusi yeri olduğunu və ötən 80 il ərzində burada ustad memarların çalışdığını, buranın gənc memarların yetişməsində həqiqi anlamda memarlıq məktəbi rolu oynadığını və memarlıq tariximizdə iz qoyduğunu qeyd etdi və əlavə etdi ki, burada işlənən layihələr bütün zamanlarda Bakının memarlıq simasının müəyyənləşməsində həlledici rol oynayıb.
Gülçöhrə xanım sözünün davamı kimi institutun son illərdə qazandığı möhtəşəm uğurlara da toxundu:
– “Bu memarlıq ocağına hər zaman istedadlı memarlar rəhbərlik edib. Son 11 ildə isə instituta İlqar İsbatov rəhbərlik edir. Baxmayaraq ki, o, təhsilini Moskvada tamamlayıb, ancaq biz onu institutumuzun yetirməsi hesab edir və uğurları ilə fəxr edirik. Çox istedadlı memarlarımızdandır və son illərdə burada görülən işlərin hər biri onun rəhbərliyi altında həyata vəsiqə alıb. Deyim ki, institutda gənc mütəxəssislər üstünlük təşkil edir və çox xoşdur ki, onların hamısı bizim ali təhsil ocağından çıxmışlar və etimadı doğruldurlar. Bu gün layihə institutu ilə AzMİU arasında sıx münasibətlər vardır və çalışırıq ki, bu münasibətləri daha da dərinləşdirək, inkişaf etdirək.
O, institutun 80 illik şanlı yubileyi münasibəti ilə kollektivin hər bir üzvünə yeni yaradıcılıq uğurları arzuladı.
Sonra təbrik üçün söz Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini, Əməkdar Mühəndis Təyyar Hüseynliyə verildi.
Təyyar müəllim Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəhbərliyi və kollektivi adından Bakı Dövlət Layihə İnstitutunun əməkdaşlarını təbrik etdi və qeyd etdi ki, mövcud olduğu 80 ildə Azərbaycan memarlıq ənənələrinin qorunub saxlanmasında və inkişaf etdirilməsində, paytaxtın memarlıq simasının müəyyənləşməsində kollektivin hər bir üzvü peşəkarlıqla çalışmış, gərgin əmək sərf etmişlər.
Bu yubiley tədbirində institutun keçdiyi örnək yol barədə saatlarla danışa biləcəyini vurğulayan Təyyar Hüseynli buna lüzum görmədiyini dedi və sonda Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəisi hörmətli Cəbrayıl Xanlarovun təbrikini tədbir iştirakçılarına çatdırdı.
Növbəti çıxışçı Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Aparat rəhbəri Ağamirzə Canmirzəyev oldu.
Ağamirzə müəllim Komitə sədri hörmətli Abbas Ələsgərovun üzürlü səbəbdən bu tədbirdə iştirak edə bilmədiyini qeyd etdi və tədbir iştirakçılarına onun salamlarını çatdırdı. O, Bakı Dövlət Layihə İnstitutunun Komitənin aparıcı layihə təşkilatı olduğunu və son 11 ildə burada görülən böyük miqyaslı işlərdən, institutun qazandığı nailiyyətlərdən bəhs etdi və Komitə sədri Abbas Ələsgərovun təbrikini tədbir iştirakçılarının diqqətinə çatdırdı.
Ağamirzə müəllim sonra MDB Ölkələrinin tikinti fəaliyyəti sahəsində əməkdaşlıq üzrə Hökumətlərarası Şurasının ən yaxşı tikinti və layihə təşkilatı, tikinti materialları istehsalı müəssisəsi nominasiyası üzrə XI Beynəlxalq Müsabiqənin qalibi “Diplom”unu institutun direktoru İlqar İsbatova təqdim etdi. O, eyni zamanda institutun bir qrup əməkdaşına Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin fəxri fərmanlarını təqdim etdi, onlara yeni yaradıcılıq üfüqləri arzuladı.