Bakı şəhərinin mərkəzi hissəsində hal-hazırda baş verən dinamik şəhərsalma prosesləri nəticəsində ardıcıl layihələndirmə işləri, ərazi planlaşdırmalarına aid qanunvericilik təşəbbüsləri aktivləşmişdir. Bu səbəblərdən istər layihələndirmə prosesində, istərsə də qanunvericilik, institusional və idarəetmə sistemlərinin formalaşmasında elmi yanaşmalara və təhlillərə ehtiyac yaranmışdır. Tədqiqatları indiki mərhələdə aktual edən ölkənin sürətli iqtisadi inkişafı şəraitində baş verən mürəkkəb və ziddiyyətli urbanizasiya prosesləridir. Həmçinin bir ictimai-siyasi formasiyadan digərinə keçid, mülkiyyət formalarının dəyişməsi, özəlləşdirmə prosesləri, bazar iqtisadiyyatının və azad cəmiyyətin yaratdığı tələbatlar, bu araşdırmaları vacib etmişdir.
Şəhərin mərkəzi hissəsinin planlaşdırma strukturunun tarixi kontekstdə təhlili aparıldığı zaman burada bir sıra özünəməxsus fərqliliklərin olduğu nəzərə alınmalıdır. Bunlar ilk növbədə müxtəlif dövrlərə və müxtəlif mədəniyyətlərə aid planlaşdırma strukturlarının bir şəhərdə və o qədər də böyük olmayan ərazidə bir-birinə keçidi və qarşılıqlı vəhdətidir. Bu strukturlardan birincisi min ildən artıq bir dövrdə mövcud olan qala divarları ilə əhatə olunmuş və islam şəhərlərinin əksər xarakteristik xüsusiyyətlərinə malik İçərişəhərdir. Tarixən Bakı şəhəri XIX əsrin ortalarınadək məhz bu ərazidən ibarət olmuşdur.
Mərkəzin ərazi baxımından əsas hissəsi XIX əsrin ortalarından XX əsrin 20-ci illərinədək formalaşmış və kapitalist dövründə yaranan şəhərlərdəki planlaşdırma strukturlarına aid nizamlı, torşəkilli quruluşu olan, məşhur Niderland memarı Rem Koolhaasın təbirincə desək, “manhettenizm“ ənənələrinə malik ərazidir.
Bu gün şəhərin mərkəzi hissəsinin həm planlaşdırma, həm də memarlıq kompozisiyası baxımından xarakterini və obrazını məhz bu ərazi özündə əks etdirir. Çox qısa zaman kəsiyində, demək olar ki, vahid sxem əsasında formalaşması, onu unikal planlaşdırma nümunəsinə çevirmişdir. Burada qərb şəhərlərinin kapitalist dövrünə aid şəhərsalma ənənələrini özündə əks etdirən planlaşdırma strukturu ilə şərq-müsəlman ənənələrini, milli özünəməxsusluğu təcəssüm etdirən məkan elementlərinin qarşılıqlı vəhdətindən təkrarsız Bakı mühiti formalaşmışdır.
Mərkəzin planlaşdırma strukturuna aid üçüncü vacib element ötən əsrin 20-ci illərindən başlayaraq tətbiq edilmiş və müəyyən zaman kəsiyində şəhərin maddi-məkan strukturunun əsas komponentlərinə çevrilmiş sosialist şəhərlərinə məxsus olan şəhərsalma elementləridir. Bunlar əsasən insan amilini ön plana çıxaran və sosial təyinatlı ərazilər olan ictimai yerlər: parklar, bulvarlar, heykəllər, muzeylər, teatrlar, təhsil müəssisələri, kommunal obyektlər və s.-dir. O qədər də böyük olmayan bir ərazidə bu qədər müxtəlif təyinatlı sosial obyektin mövcud olması məhz sosial tələbatlara, bərabərliyə üstünlük verildiyi sosialist şəhərlərinin xüsusiyyətlərindəndir. Məlumdur ki, sovet ittifaqının yaranmasının ilk illərində Bakı bu istiqamətdə planlaşdırma eksperimentlərinin poliqonuna çevrilmişdi. Bu dövrdə formalaşmış nəqliyyat-mühəndis infrastrukturunun elementləri, yol qovşaqları, yeraltı keçidlər, körpülər, həmçinin metro və dəmiryolu stansiyaları da bu gün mərkəzin planlaşdırma strukturunu formalaşdıran komponentlərdir. Qeyd olunmalıdır ki, ərazidə XX əsrin 60-70–ci illərində tikilmiş “Xruşovka“lar və digər birtipli layihələrə aid olan yaşayış evləri əhəmiyyətli yer tuturlar. Bu cür tikililər müəyyən dövrlərdə uğursuz nümunələr kimi tənqid olunsalar da, bu gün onlar istər miqyaslılıq baxımından, istər tarixilik və sosial problemlərin həllindəki təcrübə nümunəsi kimi, istərsə də öz dövrünün memarlıq ənənələrinin daşıyıcısı kimi qiymətli faktora çevrilməkdədir.
Nəhayət, müstəqillik qazanıldıqdan sonrakı dövrdə əmələ gəlmiş planlaşdırma elementləri mərkəzin formalaşmasına əhəmiyyətli təsir etmişdir. Bunlara rekonstruksiya olunan park və xiyabanları, ərazidə inşa olunmuş bir sıra binaları, müstəqil dövlətin atributlarını özündə əks etdirən memarlıq elementlərini aid etmək olar. Qeyd olunmalıdır ki, bir sıra təəssüf doğuran proseslər də məhz bu dövrdə baş vermişdir. Bu proseslərə ilk növbədə miqyaslılığa xələl gətirən, ayrı-ayrı ərazilərdə mövcud planlaşdırma strukturuna dağıdıcı təsir edən memarlıq dəyərliliyi baxımından əhəmiyyətsiz olan binaların nəzərə çarpan sayda inşa olunmasını aid etmək olar.
Keçid dövrünü yaşayan bütün ölkələrdə demək olar ki, oxşar proseslərin getməsi baş verənləri düzgün təhlil etməyə kömək edir. Bunların əsasən ictimai-siyasi dəyişikliklər nəticəsində yaranmış və ilk növbədə mülkiyyət bölgüsünün doğurduğu problemlərdən əmələ gəlmiş səbəblər olduğunu göstərməklə yanaşı, urbanizasiya proseslərini tənzimləyən institusional sistemlərin yeni şəraitə hazır olmamasını və uyğunlaşmamasını da qeyd etmək lazımdır.
Bu gün ərazidə şəhərsalma baxımından gedən proseslər əsasən Bakı şəhərinin məhz müstəqil dövlətin paytaxt şəhəri statusuna malik olmasından irəli gələn tələbatlar nəticəsində baş verir. Bunlar paytaxt şəhərinə məxsus yeni miqyas elementlərinin sürətlə əmələ gəlməsi və özünə yer tapması, Neftçilər, İstiqlaliyyət, Füzuli, Azərbaycan prospektlərinin, dənizkənarı milli parkın, müasir yanaşmalarla rekonstruksiyası, amfiteatra yeni dominant elementlərin uğurla daxil edilməsi və s.-dir.
Beləliklə, Bakının mərkəzinin formalaşdırılmış planlaşdırma strukturunun tarixi kontekstdə araşdırılması baş verən prosesləri təhlil etmək üçün nəzəri əsasları formalaşdırmağa və problemlərin həlli yollarını əks etdirən təklifləri irəli sürməyə imkan verir. Mərkəzi hissənin strukturunun formalaşmasında 4 tarixi mərhələ qeyd olunmalıdır:
– qədim tarixi dövrdən XIX əsrin ortalarına qədər formalaşan dövr;
– XIX əsrin ortalarından XX əsrin 20-ci illərinədək olan kapitalizm dövrü;
– XX əsrin 20-ci illərindən 80-ci illərin sonunadək olan sosializm dövrü;
– XX əsrin 90-cı illərindən bugünədək davam edən müstəqillik dövrü.
Tədqiq olunan ərazi üzrə əsas xarakteristik xüsusiyyətlər aşağıdakılardır:
– Müxtəlif dövrlərə və mədəniyyətlərə aid planlaşdırma strukturlarının qarşılıqlı vəhdətini özündə əks etdirən inkişaf etmiş unikal ərazi;
– Ictimai, siyasi proseslər və xarici təcavüzlər nəticəsində məruz qaldığı dağıdıcı təsirlərə baxmayaraq öz struktur-funksional, memarlıq-planlaşdırma xüsusiyyətlərini qoruyub saxlaya bilmə keyfiyyətlərinə malik struktur;
– Dünya əhəmiyyətli şəhər mərkəzlərinə məxsus xüsusiyyətlərə yiyələnmə imkanları və potensialları olan mərkəz;
– Həddən çox memarlıq-tarixi abidələrin və ilk növbədə dünya maddi-mənəvi irs siyahısına daxil edilmiş İçərişəhər kompleksinin yerləşdiyi, ölçüləri baxımından böyük olmayan tarixi hissə;
– Fərqli xüsusiyyətlərə malik təbii-coğrafi şəraitlərin məhdud məkanda mövcud olduğu amfiteatr quruluşlu və dəniz buxtasına açılan sahə.
Beləliklə, Bakı şəhərinin mərkəzi hissəsinin planlaşdırma strukturunun tarixi kontekstdə təhlili və əldə olunmuş nəticələr mövcud vəziyyəti dəyərləndirməyə və analitik təhlillər aparmağa imkan verir. Bu zaman ilk növbədə XIX əsrin ortalarından başlayaraq XX əsrin 20-ci illərinədək formalaşmış nizamlı, torvari, planlaşdırma strukturunun özü, tarixi abidə kimi qəbul edilməli və burada hər hansı struktur dəyişikliklərinin yalnız istisna hallarda mümkünlüyü qeyd olunmalıdır.
Bu planlaşdırma strukturunun əsas və təkrarlanan elementi 4 tərəfdən yollarla əhatə olunan məhəllələrdir. Bütün tikinti, rekonstruksiya prosesləri əksər hallarda məhəllələrin daxilində gedir. Bu zaman miqyaslılığın, mövcud norma və qaydaların, ümumiyyətlə tarixən formalaşmış memarlıq-planlaşma mühitinin pozulması baş verir.
Ziddiyyətləri əmələ gətirən əsas səbəblər ötən əsrin 20-ci illərində baş verən ictimai-siyasi dəyişikliklər nəticəsində bu məhəllələrdən bir çoxunda formalaşmanın ənənəvi ardıcıllıqla baş verməməsi, nəticədə əsasən birmərtəbəli, heç bir sanitariya, normativ, estetik, konstruktiv tələblərə cavab verməyən şəraitin yaranması, həddən çox mənzil sahiblərinin mövcud olmasıdır. Qeyd olunan məhəllələrdə maraqların müxtəlifliyi, hər hansı məqsədyönlü şəhərsalma tədbirlərinin həyata keçirilməsini çətinləşdirir. Çoxşaxəli və çoxpilləli investisiya siyasətlərinin tətbiqi üsulları ilə nəzərdə tutulan nəticələrə nail olunması məhdudlaşır. Nəticədə, bir çox hallarda birdəfəlik böyük həcmli yatırımlarla qarşılıqlı razılaşdırılma yolu ilə köçürülmələr və qısa müddətdə yüksək mənfəət əldə etməyə yönəldilmiş addımların atılması baş verir. Qeyd olunduğu kimi yeni yaranmış şəraitlərə uyğun institusional sistemlər formalaşmadığı üçün düşünülmüş idarəetmə siyasəti çətinləşir. Mövcud memarlıq-planlaşdırma mühitinin “məhəllə-məhəllə” pozulması baş verir.
Ərazidə istər ümumi planlaşdırma strukturuna, istərsə də, ayrı-ayrı məhəllələrin memarlıq-planlaşdırma həllinə təsir edən faktorlardan biri də nəqliyyat və mühəndis infrastrukturlarına aid problemlərdir. Problemlərin uzunmüddətli xarakter alması, baş verən sürətli inkişaf prosesləri nəticəsində yeni tələbatların əmələ gəlməsi, yaranan şəraitlərin planlaşdırma strukturuna təsir etməsi onların həll edilməsini vacib edir. Bu zaman ən müasir texnologiyalardan və təcrübədən istifadə edilməsi arzuolunmaz təsirlərin azalmasında əsas vasitə olmalidir. Mərkəzi hissədə ekoloji mühitin sağlamlaşdırılması istiqamətində tədbirlərin qəbul edilmiş dövlət proqramlarına uyğun olaraq görülməsi, həmçinin ictimai yaşıllıqların artırılması istiqamətində həyata keçirilən tədbirlər də planlaşdırma strukturuna təsirsiz ötüşmür və düşünülmüş yanaşmalar tələb edir.
Nəhayət, dövlətçilik atributlarının planlaşdırma strukturuna daxil olunması və inkişaf etdirilməsi istiqamətindəki ardıcıl tədbirlər nəticəsində yaranan vəziyyət nəzərə alınmalıdır. Mərkəzi hissədə sosial-funksional strukturda baş verən dəyişikliklərin də (xidmət sahələrinin sürətli inkişafı və s.) planlaşdırma strukturuna bilavasitə və ya dolayısı ilə təsiri vacib amillərdəndir.
Əgər müəyyən mərhələdə bu proseslər ərazi üzrə hər hansı planlaşdırma və qanunverici sənədlərin olmaması səbəbləri ilə izah olunurdusa indi şəhərsalma siyasətində institusional sistemlərin, idarəetmə metod və prinsiplərinin, iqtisadi, sosial, ekoloji amillərin nəzərə alınaraq müvafiq tədbirlərin görülməsi ön plana çıxır. Mövcud layihə sənədlərində planlaşdırma strukturunun formalaşmasının prinsipial istiqamətlərinin müəyyən edilməsi, növbəti addım kimi qeyd olunan istiqamətlər üzrə siyasətlərin işlənib hazırlanmasını vacib edir.
Yuxarıda qeyd olunduğu kimi mülkiyyət formalarının dəyişməsi, mülkiyyətin bölünməsi ilə müşayiət olunduğu üçün hazırlanacaq mənzil, ekoloji qiymətləndirmə, infrastruktur, məşğulluq siyasətləri reallıqları nəzərə alaraq tarazlaşdırılmalı, eyni zamanda qəbul edilmiş qərarların icrasının təmin edilməsi mexanizmləri işlənib hazırlanmalıdır.
Mərkəzi hissədə paytaxt şəhərinə məxsus miqyaslılıq tədricən təmin edilməlidir. Ərazinin funksional və planlaşdırma baxımından statusunun ümumşəhər strukturunda dəqiq müəyyənləşdirilərək Mərkəzi Biznes Rayonu (MBR) kimi nəzərdən keçirilməsi məqsədəuyğundur. Bu zaman ərazidə planlaşdırma strukturunun gələcək formlaşması və inkişafı, həmçinin iqtisadi, ekoloji, sosial funksional, memarlıq–estetik siyasətlərin uzlaşdırılması tələb olunur.
Ərazidə məhəllələr üzrə qanunvericilikdə öz əksini tapmış tikinti sahəsi və tikinti sıxlığı əmsallarına olan tələbatlar təmin olunmalı, mərtəbəlilik, əhalinin sıxlığı, məşğulluğun iqtisadiyyatın sahələri üzrə bölünməsi tənzimlənməlidir.
Planlaşdırma strukturunun maksimal olaraq qorunub saxlanılması təmin edilməlidir. MBR-na aid olan tarixi memarlıq abidələrinin daha sıx yerləşdiyi, şəhərin tarixən formalaşmağa başladığı hissəsini təşkil edən, nəhayət İçərişəhərin də daxil olduğu ərazi Xüsusi Mühafizə Ərazisi kimi müəyyənləşdirilməlidir. Bu ərazidə xüsusi qorunma tədbirləri tətbiq edilməli, inzibati, ictimai nəzarət gücləndirilməlidir. Hər hansı binanın və ya məhəllənin daxili və xarici görünüşünə edilən istənilən dəyişiklik əvvəlcədən dövlət tərəfindən siyahısı müəyyən edilmiş səlahiyyətli təşkilatlarla razılaşdırıldıqdan və xüsusi icazələr alındıqdan sonra mümkün ola bilər. Bu ərazidə piyada hərəkəti zonaları dəqiqləşdirilməli, avtomobillərin hərəkəti məhdudlaşdırılmalı, xüsusi icazələr tətbiq edilməlidir. Dünya şəhərsalma təcrübəsində oxşar statuslu ərazilər üçün işlənib hazırlanmış mütərəqqi təcrübələr öyrənilməli və uyğunlaşdırılaraq tətbiq edilməlidir. Şəhər ərazisində baş verən müxtəlif urbanistik tendensiyalar daim izlənilməli və xüsusi mühafizə ərazisinə ola biləcək təsirləri diqqətlə araşdırılmalıdır. Bu ərazidə bir neçə tarixi inkişaf qatlarının mövcudluğu arxeoloji axtarışların davam etdirilməsini vacib edir.
Beləliklə, Bakı şəhərinin mərkəzi hissəsinin maddi-məkan və sosial-funksional baxımdan statusu müəyyən edilərək ümumşəhər strukturunda Mərkəzi Biznes Rayonu kimi nəzərdən keçirilməli, XMƏ-nin sərhədləri müəyyən edilməli, ona hüquqi statusun verilməsi üçün elmi-praktik araşdırılmalara əsaslanmış sənədlər işlənib hazırlanmalıdır. Bu, Bakı şəhərinin tarixən formalaşmış mərkəzi hissəsinin planlaşdırma strukturunu və təşəkkülünü təmin edən əsas ola bilər.