Bakı Dövlət Layihə İnstitutu fəaliyyəti dövründə bir çox nailiyyətlərə imza atmışdır

Dekabrın 4-də “JW Marriott Absheron” otelində Bakı Dövlət Layihə İnstitutunun yaranmasının 75 illiyinə həsr olunmuş təntənəli mərasim keçirilmişdir.

Təbiri giriş sözü ilə açan institutun direktoru İlqar İsbatov institutun bu illər ərzində keçdiyi çətin və şərəfli yoldan bəhs etmişdir.

Bildirmişdir ki, Bakı Dövlət Layihə İnstitutu yarandığı vaxtdan bu günədək üzərinə düşən missiyanı müvəffəqiyyətlə yerinə yetirmişdir. Bakının şəhərsalma problemlərinin həllini vermiş, mühəndis və nəqliyyat infrastrukturlarının sxem və layihələrini hazırlamışdır. İstər paytaxtın, istərsə də onun kənd və qəsəbələrinin, ümumiyyətlə bütün Abşeron ərazisinin planlaşdırma işlərinin görülməsində böyük səylər göstərmiş və uğurlar qazanmışdır.

İ.İsbatov qeyd etmişdir ki, həmin dövrdə Bakı şəhərində milyonlarla kvadratmetr yaşayış sahəsi, o cümlədən 8-ci kilometr, Əhmədli, Yeni Günəşli, Yasamal, Yeni Yasamal, Yeni Suraxanı kimi böyük yaşayış massivləri məhz Bakı Dövlət Layihə İnstitutunun kollektivinin əməyi sayəsində ərsəyə gəlmişdir. Eyni zamanda, ölkənin bir sıra unikal layihələri – Heydər Əliyev Sarayı, Tofiq Bəhramov adına Respublika Stadionu, onlarla məktəb, uşaq bağçası, xəstəxana, idman kompleksi layihələndirilmiş və inşa olunmuşdur.

Vurğulanmışdır ki, bu gün institut öz tarixi ənənələrini məntiqi ardıcıllıqla və dövrümüzün reallıqları nəzərə alınmaqla davam etdirir. Son dövrlərdə isə Bakı Dövlət Layihə İnstitutu ölkə daxilində, eləcə də respublikamızın hüdudlarından kənarda bir çox nailiyyətlərə imza atmış, institutda “Bakı şəhərinin mərkəzi hissəsinin müfəssəl planlaşdırılması layihəsi” hazırlanmış, 283 min hektar ərazini əhatə edən “Böyük Bakının Regional İnkişaf Planı”nın hazırlanması üzrə isə işlər davam etdirilir.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Abbas Ələsgərov institut kollektivini bu əlamətdar gün münasibətilə təbrik etmiş, yaradıcılıq uğurları arzulamışdır.

Ömrünün 25 ilinin Bakı Dövlət Layihə İnstitutu ilə sıx bağlı olduğunu söyləyən A.Ələsgərov xatirələrini bölüşmüş, fəaliyyəti dövründə qurumun ölkəmizin iqtisadi inkişafında əldə etdiyi uğurlardan danışmışdır.

Mərasimdə çıxış edən Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, Milli Məclisin deputatı, professor Gülçöhrə Məmmədova, tanınmış memarlar Rasim Əliyev, Azərbaycan Memarlar İttifaqının sədri Elbay Qasımzadə və digərləri institut kollektivini öz tarixi ənənələrini daim yaşatmağı arzulamış, Bakı şəhərinin yenidən qurulmasında, tikinti və abadlaşdırma işlərində yeni-yeni nailiyyətlər arzulamışlar.

Sonda institutun bir qrup əməkdaşı fəxri fərmanla təltif olunmuşdur.

Bakı Dövlət Layihə İnstitutu fəaliyyəti dövründə bir çox nailiyyətlərə imza atmışdır