Bakı Dövlət Layihə İnstitutu paytaxtın yenidənqurma, tikinti və abadlaşma işlərinə mühüm töhfələr verir

Bakı Dovlət Layihə İnstitutu 1937-ci ildə Bakı Şəhəri Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin nəzdində memarlıq-planlaşdırma kontoru kimi yaradılmışdır. Həmin dövrdə Bakı memarlığında ciddi dəyişiklikər olmuş, Azərbaycanın milli memarlıq irsi sistemli şəkildə öyrənilmiş və inkişaf etmişdir. Layihə İnstitutu 1952-ci ildən “Bakproyekt”, 1958-ci ildən isə “Bakqiproqor” adlandırılmış, Bakı şəhərinin planlaşdırılması və mülki-mənzil binalarının layihələndirilməsi ilə məşğul olmuşdur. Ölkəmiz müstəqillik əldə etdikdən sonra Bakı Dövlət Layihə İnstitutu adlandırılmışdır. Hazırda institut Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nəzdində fəaliyyət göstərir.

İnstitut yarandığı gündən üzərinə düşən missiyanı müvəffəqiyyətlə yerinə yetirmişdir. İkinci Dünya müharibəsi zamanı institutun onlarla əməkdaşı, memar və mühəndis layihəçiləri ön cəbhəyə getmış, bir çoxları isə müdafiə işlərinə cəlb olmuş və ağır müharibə şəraitində müdafiə tikililərini layihələndirmişlər. Müharibədən sonrakı illərdə Bakı Dövlət Layihə İnstitutunun yaradıcılıq diapazonu son dərəcədə genişləndi və böyük vüsət aldı. Bənzərsizlik və milli ifadəlilik axtarışları Azərbaycan memarlarını milli memarlıq simasına malik olan bir çox əhəmiyyətli ictimai və yaşayış binaları yaratmağa gətirib çıxardı. Bakının inkişafının yeni baş planı və Abşeron yarımadasının rayon planlaşdırması layihələrini yaratmaq üzrə işlərə başlanıldı. Bu andan etibarən kollektivin işində möhkəm və qabaqcıl yeri şəhərsalma layihələşməsi tutdu. 1952-1954-cü illərdə Bakı Dövlət Layihə İnstitutu tərəfindən Bakı şəhərinin 1976-cı ilə qədər baş planı işlənib hazırlandı və 1958-ci ildə Azərbaycan Respublikası Nazirlər Sovetinin qərarı ilə təsdiq olundu. Bu sənədlərə uyğun olaraq Abşeron yarımadasında yaşayış məntəqələrinin: Hövsan, Binə, Dübəndi, Zabrat, Maştağa, Xırdalan, Lökbatan, Sahil, Ələt, Mərdəkan, Şüvəlan, Buzovna, Pirşağı, Bilgəh və Qobustanın baş planı işlənib hazırlandı. Respublikanın memarlıq siması ideyaca maraqlı, irimiqyaslı və şəhərsalma nöqteyi-nəzərindən çox əhəmiyyətli bir sıra obyektlərlə zənginləşdirildi.

Azərbaycanın milli ruhunun, düşüncəsinin oyanışı və möhkəmləndirilməsi ulu öndər Heydər Əliyevin Azərbaycanda ilk dəfə hakimiyyətə gəldiyi 1969-cu ildən başladı. Ölkəyə rəhbərlik etdiyi 14 il ərzində Azərbaycan keçmiş İttifaq respublikaları arasında sosial-iqtisadi, mədəni inkişafına görə SSRİ miqyasında öncül yerlərdən birini tutdu. Məhz Heydər Əliyevin düşünülmüş iqtisadi siyasəti, yüksək təşkilatçılığı nəticəsində Azərbaycan sürətlə inkişaf etməyə başladı. 1972-1982-ci illərdə Bakıda 6,2 milyon kvadratmetr sahəsi olan yaşayış evləri, təxminən 100 min şagird yeri olan məktəblər, 30 min yerlik məktəbəqədər uşaq müəssisələri, 6 min çarpayılıq xəstəxana və poliklinika, eləcə də başqa sosial və mədəni obyektlər tikilib istifadəyə verildi.

Bakı Dövlət Layihə İnstitutunun kollektivi 1985-1986-cı illərin sosialist öhdəliklərinin yekunlarına görə birinci yeri tutmuş və Azərbaycan KP MK-nın, Azərbaycan SSR Nazirlər Sovetinin, Azərbaycan Həmkarlar İttifaqının və LKGİ MK-nin keçici Qırmızı bayrağı ilə təltif olunmuşdur. Sovet imperiyasının tənəzzülü bütün ölkəni, o cümlədən də Bakını qeyri-sabitliyə düçar etdi. 1980-ci ilin sonu və 1990-cı ilin əvvəllərində şəhərdə tikinti işləri demək olar ki, dayandı.

Ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra tikinti və quruculuq sahəsində böyük canlanma başladı. 1994-cü ildə Bakıda imzalanmış “Əsrin müqaviləsi” ölkənin inkişafına böyük təkan verdi. Ölkədə onlarca məktəb, uşaq bağçaları, xəstəxanalar, idman kompleksləri, hündür yaşayış evləri, dünya standartlarına cavab verən mehmanxanalar, iri ticarət mərkəzləri, banklar və s. binalar tikilib istifadəyə verildi. Bakı Dövlət Layihə İnstitutu 2007-ci ildə yeni mərhələyə qədəm qoydu. Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yaradıldı. Layihə İnstitutu Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyindən Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeliyinə keçirildi.
Çoxillik peşəkar fəaliyyəti dövründə 100-dən artıq memarlıq layihəsi hazırlamış və dəfələrlə “İlin ən yaxşı layihəsi” müsabiqəsinin qalibi olmuş, tanınmış memar İlqar İsbatov 12 fevral 2008-ci ildə Bakı Dövlət Layihə İnstitutuna direktor təyin olundu. Ötən dövr ərzində o, institutun kadr potensialının və maddi-texniki bazasının inkişafında əhəmiyyətli işlər gördü və bir çox layihələrin hazırlanmasında bilavasitə iştirak etdi.

Bu gün Bakı Dövlət Layihə İnstitutu öz tarixi ənənələrini məntiqi ardıcıllıqla, dövrümüzün reallıqlarını və çağırışlarını nəzərə almaqla davam etdirir. İnstitutda istedadlı gənclərin irəli çəkilməsi və təcrübəli mütəxəssislərin himayəsi altında yetişdirilməsi öz bəhrəsini verməkdədir. Son dövrlərdə institut istər ölkə daxilində, istərsə də ölkəmizin hüdudlarından kənarda bir çox uğurlara imza atmışdır. İnstitut 2009-2010-cu və 2016-2017-ci illərin nəticələrinə görə MDB ölkələri arasında ən yaxşı layihə təşkilatı nominasiyasının qalibi olmuşdur.
Ölkədə ilk şəhərsalma layihələrinin hazırlanmasında ArcGİS proqramı kimi qabaqcıl texnologiyadan istifadə olunmuş və ilk dəfə 1550 hektar ərazidə “Bakı şəhərinin mərkəzi hissəsinin müfəssəl planlaşdırılması layihəsi”, “Böyük Bakının Regional İnkişaf Planı” və “Bakı şəhərinin ərazidən istifadə və zonalaşdırma planı (Baş Plan) işlənib hazırlanmışdır.

İnstitutun kollektivi ulu öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı möhtərəm cənab Prezident İlham Əliyevin ölkəmizin inkişafı və xalqımızın rifahı naminə həyata keçirdiyi quruculuq işlərində bundan sonra da yaxından iştirak etmək və öz töhfəsini vermək əzmindədir.

Kamil İSMAYILOV,
“Respublika”.

Bakı Dövlət Layihə İnstitutu paytaxtın yenidənqurma, tikinti və abadlaşma işlərinə mühüm töhfələr verir