BAKI DÖVLƏT LAYİHƏ İNSTİTUTU
RESPUBLİKANIN QOCAMAN LAYİHƏ TƏŞKİLATLARINDAN BİRİDİR
 


 

Hər bir insan həyatı boyu dəfələrlə ömür yoluna nəzər salır, onu dəyərləndirməyə çalışır, mənalı anları iftixarla və xoş təəssüratlarla xatırlayır, yadda qalmayanların isə üzərindən tez ötüb keçməyə çalışır.

XX əsrin 30-cu illərində yaradılan və ötən dövr ərzində müvəffəqiyyətlə fəaliyyət göstərən Bakı Dövlət Layihə İnstitutu isə burada çalışan, fəaliyyət göstərən işçilər üçün şübhəsiz ömür yolunun ayrılmaz bir hissəsidir və bu ömür yolu həm acı, həm də şirin xatirələriylə, həm uğurları, həm də uğursuzluqları ilə çox əzizdir, dəyərlidir və nəhayət mənalıdır.

Çünki ən adi vəzifəni icra edən sıravi işçidən tutmuş ən uğurlu layihələrə imza atmış mütəxəssisədək hər kəs gördüyü işin dəyərini, əhəmiyyətini başa düşür, qururlanır və bundan mənəvi rahatlıq tapır.

Təsadüfi deyil ki, nə vaxtsa burada çalışmış istənilən işçi dünyanın harasında olmasından asılı olmayaraq doğma instituta bağlılığını qoruyub saxlayır və sanki bu əlaqələrdən bir enerji, stimul alır.

Bakı Dövlət Layihə İnstitutu xalqımızın yaratdığı digər maddi-mənəvi nümunələr kimi milli sərvətimizdir. Xüsusən müstəqillik qazandıqdan sonra qonşu dövlətlər və xalqların nailiyyətləri ilə tanış olduqca bu daha aydın dərk olunur.

Bu gün Bakı Dövlət Layihə İnstitutu öz tarixi ənənələrini məntiqi ardıcıllıqla və dövrümüzün reallıqları və çağırışları nəzərə alınmaqla davam etdirir. İnstitutda yeni bacarıqlı, istedadlı, iddialı gənclərin cəlb edilərək irəli çəkilməsi və təcrübəli mütəxəssislərin himayəsi altında yetişdirilməsi öz bəhrələrini verməkdədəir. Kollektiv isə öz tarixi ənənələrini, nailiyyətlərini və missiyasını davam etdirərək daha böyük uğura imza atmaq, Bakı şəhərinin yenidənqurma, tikinti və abadlaşdırma işlərinə yeni-yeni töhfələr vermək əzmindədir.

 

Azərbaycanca